[email protected] +994997971227

Data analitikası təhsil sektorunda

Əsas səhifə >Data bloqu >Data analitikası təhsil sektorunda

Data analitikası təhsil sektorunda

Qloballaşan dünyamızda təhsil sektoruna olan diqqət istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində günü-gündən artmaqdadır. Təbii ki, bunun əsas səbəbi ölkələrin təhsilə qoyduqları investisiya və ayırdıqları diqqətlə bağlıdır. Hər bir ölkə öz təhsil sektorunu daha da gücləndirmək üçün daima səy göstərir. Dünya təcrübəsində təhsili güclü olan dövlətlərin iqtisadiyyatı da güclü olmuş, təhsilin inkişaf etməsi ölkənin iqtisadi cəhətdən inkişaf etməsi anlamına gəlmişdir. Bunun üçün dövlətin daxilində olan bütün növ təhsil müəssisələri (xüsusilə orta məktəblər və universitetlər) təhsil sektorunun hərtərəfli inkişafı üçün çalışırlar. Təbiidir ki, hər hansı bir sahədə inkişaf etmək üçün doğru və dəqiq qərarlar vermək mütləqdir. Qərarları qəbul etməzdən əvvəl onu yaxşıca araşdırmaq və təhlil etmək lazımdır. Araşdırma və təhlildən sonra isə yekun qərar vermək olur.

Bəs bu təhlil və araşdırmaları necə etmək lazımdır? İnformasiyalar çox olduğu üçün onları araşdırmaq səsləndiyi qədər “asan” bir məsələ deyil. Amma narahatçılığa ehtiyac yoxdur. Belə məqamlarda Data Analitikası köməyimizə çatır. Data Analitikası “Data Science”-ın əsas qollarından biri olub məlumatları analiz edərək düzgün qərarlar verməyə xidmət edir. Məlumatları analiz etmək və vizuallaşdırmaq üçün “SPSS”, “Tableau”, “Microsoft Excel” və “Power BI” kimi proqramlar Data Analitikasında geniş şəkildə istifadə olunur.
Data Analitikası öz tətbiqlərini bir çox sahələrdə sübut etmişdir. Bu baxımdan təhsil sektoru da istisna deyil. Data Analitikanın təhsilin bir çox sahələrində tətbiqləri vardır. Məsələn, hal-hazırda DİM (Dövlət İmtahan Mərkəzi) və Təhsil Nazirliyi Data Analitikasında tətbiq edilən proqramların üstünlüklərindən istifadə edirlər (bunlar, əsasən, statistik göstəricilərə əsaslanan datalardan ibarətdir). Lakin ölkəmizin təhsil sektorunun inkişafı yalnız bu iki böyük təhsil orqanının öz fəaliyyəti ilə bitmir. Təhsilin inkişafı birbaşa olaraq orta məktəb və universitetlərin inkişafının nəticəsində yaranır. Data Analitikasının tətbiqi orta məktəblər və universitetlər üçün daha vacib və başadüşüləndir.

 


Ali təhsil şəxsi inkişaf üçün çox mühüm və böyük əhəmiyyət kəsb edən bir mənbədir. O, həmçinin iqtisadi bir aktivdir. Araşdırmalara görə ali təhsilli şəxslər orta təhsilli şəxslərlə müqayisədə yalnız “diplom”a malik olduqlarına görə iki dəfə daha asan şəkildə iş tapmağı bacarırlar.

Data Analitikasının təhsil sektorunda tətbiqləri

İndi isə illər öncə ABŞ ali təhsil müəsissiələrində Data Analitikasının tətbiqi və onun nəticələrinə dair bir neçə nümunəyə baxaq (nümunə olaraq ABŞ-ın seçilməsi heç də təsadüfi deyil, çünki ilk dəfə Data Analitikası ABŞ təhsil sektorunda tətbiq edilməyə başlanılmışdır):
XXI əsrin əvvəllərində ABŞ universitetlərinin birində aparılan araşdırma hazırda orda təhsil alan tələbələrin yarısından çoxunun yalnız növbəti altı il müddətinə diplom ala biləcəyini müəyyən etmişdir (halbuki, bu normalda dörd ilə bitməlidir). Bu problem bu gün ölkəmizdə də kifayət qədər əhəmiyyətli olan bir məsələdir. Bu, təkcə təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin qarşılaşdığı mühüm bir problemdir. Doğrudur, bir çox universitetlər üçün bu normal haldır, hətta onların prioritet hesab etdikləri məsələdir. Lakin bəzi reytinqli universitetlər isə bu problemi həll etmək üçün çalışırlar. ABŞ-ın Corciya Dövlət Universiteti tələbələrinin universitet zamanı əsasən hansı fənlərdən problemlə üzləşdiklərini müəyyən etmək üçün müvafiq datalar əsasında analiz aparmış və həmin çətin fənləri daha asan şəkildə mənimsəmək üçün tələbələrə yeni köməkçi fənlər təqdim etmişlər. Bunun nəticəsində 2003-2014-cü illər ərzində univesiteti bitirmə dərəcəsi 32%-dən 54%-ə qədər qalxmışdır.

ABŞ-ın digər universiteti Arizona Dövlət Universitetinin Riyaziyyat departamenti “adaptasiyalı öyrənmə” adlandırdıqları bir proqramla tələbələrin akademik göstəricilərində qısa müddətdə 54% yüksəlişə nail olmuşlar. Onlar bunun üçün analitika proqramı vasitəsi ilə tələbələrə onların hər imtahan və ya dərsdən sonra akademik göstəricilərində olan dəyişikliklərlə bağlı sistem vasitəsi ilə məlumat vermişlər. Bu da tələbələrdə daim daha yaxşı biri olmaq üçün çalışmalarına səbəb olmuş, öz növbəsində tələbələr öyrənməyə “adaptasiya” olmuşlar.
 

Eyni qaydanın orta məktəblərdə də tətbiqi ABŞ və bir çox inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. Hazırda MIT bu sahədə özünün daha müasir proqramları ilə orta məktəblərdə də tədqiqat və araşdırma işləri aparır və orta məktəblərin, ümumilikdə isə təhsil sektorunun inkişafına “can verir”.
Ölkəmizdə Data Analitikası sahəsi yeni və olduqca cavan bir sahədir. Ümid edək ki, çox yaxın zamanda bizim təhsil müəssisələrimiz də data analtikasını doğru şəkildə tətbiq edərək təhsilimizin, ümumiyyətlə isə, cəmiyyətimizin inkişafına mühüm töhfə vermiş olacaqlar.

 

Daha çox oxu:

Datanın elmi araşdırmalarda rolu

Tibbdə data analitikasının rolu

Data analitikasının logistika sektorunda rolu

Nail Sadıqov

None