[email protected] +994997971227

Data analitikasının logistika sektorunda rolu

Əsas səhifə >Data bloqu >Data analitikasının logistika sektorunda rolu

Data analitikasının logistika sektorunda rolu

Data analitikası ilk yarandığı vaxtdan indiyə kimi futboldan daşımacılığa qədər hər sahədə inqilab yaratmağa davam edir. Bu baxımdan logistika böyük dataların inanılmaz potensiala sahib olduğu sahələrdən biridir. Logistikanın mürəkkəb və dinamik təbiəti onu böyük dataların tətbiqi üçün mükəmməl istifadə sahəsinə çevirir və bu dataların istifadəsi logistika şirkətlərinin iş prinsipinə öz təsirini göstərir. Son illərdə dataları toplamaq, emal etmək və analiz etmək üsullarında edilən dəyişikliklər şirkətlərin verdiyi qərarlarda maksimum dəqiqliyi təmin etdiyi üçün onu 21-ci əsrin elektriki adlandırırlar.

Optimallaşdırma və məhsuldarlığın artışı

Hazırda data yönümlü qərar qəbul edən şirkətlərin sayı artmaqda davam edir. Tədarük Zənciri İdarəetmə Mütəxəssislər Şurasının apardığı tədqiqat göstərir ki, yükləri göndərən şirkətlərin 93%-i, logistika firmalarının isə 98%-i data yönümlü qərar qəbul edirlər.

Logistika sahəsində data analitikasından istifadə edilməsinin əsas faydaları resurs istehlakının optimallaşdırılması və əməliyyatlarda səmərəliliyin artırılmasıdır. Ümumilikdə bu sahədə data analitikasının faydalarına aşağıdakıları misal gətirmək olar:

Dataya əsasən proqnoz vermə - uzunmüddətli və qısamüddətli olmaqla iki hissəyə bölünür. Baş verə biləcək problemlərin 90%-ni datalardan düzgün şəkildə istifadə edərək əvvəlcədən müəyyən etmək mümkündür. Bundan başqa data analitikləri proqnozlaşdırma vasitəsilə əvvəlki datalara əsaslanaraq müştəri tələbinin hansı istiqamətdə olacağını, inventar çatışmazlığını təxmin edir, xərcləri azaldırlar.

Marşrutun optimallaşdırılması  

GPS məlumatları, hava proqnozu, yol məlumatı və personalların iş qrafikləri əvvəlki datalarla birləşdirilərək məhsulların çatdırılması üçün ən uyğun marşrutun və vaxt qrafikinin seçilməsini təmin edir. Data analitikasından düzgün şəkildə istifadə olunması daşıma qəzalarının qarşısını alır. Buna UPS şirkətinin ”no-left-turn policy” tətbiqini nümunə göstərmək olar. Bu siyasət nəticəsində şirkət 350 min məhsulun çatdırılması zamanı illik 38 milyon litr yanacağa qənaət edir. Eyni zamanda 20 min ton daha az karbon dioksid yayır.

İş gücünün idarə olunması

Analitiklər sayəsində şirkət personalının idarə olunması da asanlaşmışdır: bu, davamlı olaraq çox sayda iş gücünə ehtiyac duyulan logistika sahəsi üçün önəmli xüsuslardan biridir. Beləliklə, əvvəlki datalara əsasən təcili yerinə yetirilməsi lazım olacaq işlər və qaynaqlar əvvəlcədən müəyyən olunur. Nəticədə vaxtından artıq işləmək və yorğunluq kimi problemlər də aradan qaldırılır.

Yuxarıda qeyd edilən proseslərin hər birindən əldə edilmiş məlumatlar data analitiklər tərəfindən müəyyən proqramlar (PowerBI, Tableau və s.) vasitəsilə hər kəs tərəfindən başa düşüləcək şəkildə vizuallaşdırılır.

 

Təkmilləşdirilmiş müştəri məmnuniyyəti

Böyük dataların logistika şirkətlərinə köməklik etdiyi bir başqa xüsus müştərilərin özlərilə bağlı artan məlumatlardır; müştəri haqqında toplanılan datalar analitiklərə şirkətin sadiq müştərilərini müəyyən etməyə, onları daha yaxşı anlaya bilmək üçün dəqiq şəkildə seqmentləşdirməyə, nəticədə isə şirkətə daha effektiv marketinq siyasəti həyata keçirməyə imkan verir. İstifadəçi qəliblərini analiz etmək logistika şirkətlərinin strategiyalarının yaxşılaşmasını və optimallaşmasını təmin edir.

Logistika sahəsinə data analitikasının istifadəsinin gəlişi ve genişlənməsi şirkətlərin analitiklərlə çalışma şəklini dəyişdirdi. Artıq şirkətlər işlərin yavaş və ya əksinə, daha sürətli gedəcəyi vaxtları, gələcəkdə baş verə biləcək potensial çatışmazlıqları əvvəlcədən müəyyən edə, müvafiq tədbirlər görə bilərlər. Data analitikası eyni zamanda bu sahədə çatdırılmanın optimallaşdırılmasını və səmərəliliyin artırılmasını təmin edir. Bütün bunlar şirkətlərə rəqabət üstünlüyü əldə etməyə, düzgün qərar qəbul etməyə kömək edir.

No-left-turn policy 

UPS şirkətinin təhvil prosesi analiz edildiyi zaman yük maşınlarının fərqli məntəqələrə yükləri təhvil verərkən sola dönmək üçün gözlədikləri, bunun da təhvil prosesinə daha çox vaxt və yanacaq xərclənməsinə səbəb olduğu müəyyən olunmuşdur. Eyni zamanda sola dönmə prosesi zamanı qəza riskinin də yüksək olduğu müəyyən edilmişdir. Bu səbəbdən şirkətin yük maşınları təhvil prosesini daha asan və sürətli etmək üçün yol qət edərkən yalnız sağa dönüşlərlə hərəkət edir.

 

 

Daha çox oxu:

Data analitikasının tibbdə tətbiqi

Data analitikası təhsil sektorunda

Proqnozlaşdırıcı analitikanın kənd təsərrüfatında rolu

 

Şəfa Səmədova

None