Datanın elmi araşdırmalarda rolu
İnformasiya toplusu olan Data analitika tətbiq olunmadan sadəcə cümlənin əvvəlində qeyd olunduğu kimi informasiya toplusu olaraq qalacaq. Data Analitikası bizə sahib olduğumuz datadan istifadəyə yararlı məlumat və ya nəticə almağı olduqca sadələşdirir və asanlaşdırır. Data Analitikası həmçinin elmi məqalələrin yazılmasında (əsasən iqtisadi) və istənilən növ araşdırmaların analizində böyük və əvəzedilməz rola malikdir.
Bildiyiniz kimi, elmi məqalə yazmağın başlanğıcı hansısa hipotez (isbata ehtiyacı olan fikir, güman, fərziyyə) seçməklə başlayır. Elmi məqalənin məqsədi hipotezi statistik əsaslarla isbat və ya inkar etməkdir. Belə ki, Hipotez böyük prosesdən sonra elmi araşdırmanın nəticəsi olaraq etibarlı, statistik əsası və sübutu olan məlumata çevrilir. Data və Data Analitikası bu prosesin əsas parçalarıdır və bizim köməyimizə çatır. Çünki Data olmada.n heç bir əməliyyat həyata keçirə bilmərik. Data Analitikası olmadan isə sahib olduğumuz datanı istifadə edib nəticə ala bilməyəcəyik. Düzdür, manual olaraq datamızdan bəzi ekonometrik modellər qura bilərik, ancaq, bu 10 illərlə vaxt tələb edir. Ümumi olaraq elmi və ya digər tipli araşdırmalarda əsasən EViews və SPSS kimi proqram təminatları (Software Programs) istifadə olunur və bu proqramlar qeyd etdiyim prosesi bir neçə təlimat və kliklə həll edirlər. Eviews əsasən iqtisadi araşdırmalarda, modellərin qiymətləndirilməsində və qurulmasında istifadə olunur. Məsələn, Azərbaycanda Neft Qiymətinin Qeyri-Neft sektorundakı Ümumi Daxili Məhsula təsiri və ya Azərbaycanda Mənzil qiymətlərinin əsas determinantları. Bu kimi əlaqələri aşkar etməkdə, modelləri qurmaqda, datamızı topladığdan və ya əldə etdikdən sonra emalı və analizində Eviews bizə kömək olur. SPSS də həmçinin datanın emalı üçün olan, daha geniş yayılmış və digər tipli istənilən araşdırmaların analizində istifadə olunan proqramdır. Bu proqramlar bizə tendensiya, proqnoz, reqressor, iqtisadi statistik modellərin yaradılması, verilənlər arasında korrelyasiyanın tapılması, dəyişənlərin model üçün təsir və yararlılıq dərəcələrini kimi vacib amilləri əlçatan edir və daha dəqiq məlumatlar almağımızı təmin edir. Bazar və Satış araşdırmalarının, Səhiyyə, Təhsil, Sosial tədqiqatların və başqa istənilən sorğunun emalında və analizində SPSS daha çox istifadə olunur. Məsələn, müştəri məmnuniyyətinə təsir edən əsas faktorlar, satışların daha çox hansı məhsul üzrə və ya hansı ərazidə olması, məhsulun qablaşdırmasının satışına təsiri və bu kimi başqa minlərlə maraq doğuran məqamların araşdırılmasında və tapılmasında istifadə olunur.
Gördüyünüz kimi, Data Analitikası bizə bir çox sahədə olduğu kimi elmi və digər araşdırmaların analizində vaxt qazandırır, prosesi asanlaşdırır və daha etibarlı nəticələr əldə etməyimizi təmin edir.
Daha çox oxu:
Data analitikası təhsil sektorunda