[email protected] +994997971227

İnsan beyninə çip yerləşdirilməsi və komputerlə idarə olunması??

Əsas səhifə >Data bloqu >İnsan beyninə çip yerləşdirilməsi və komputerlə idarə olunması??

İnsan beyninə çip yerləşdirilməsi və komputerlə idarə olunması? Elon Muskın Neuralink layihəsi


Tesla və SpaceX kimi şirkətlərin qurucusu olan Elon Musk tərəfindən 2016-cı ildə yaradılan Neuralink şirkəti iki illik gizlilikdən sonra nəhayət ki, səssizliyini pozub. 16 iyul tarixində Kaliforniya Elmlər Akademiyasında keçirilən konfransda çıxış edən Elon Musk hər zaman olduğu kimi bu dəfə də texnologiya dünyasının marağını öz üzərinə çəkməyi bacarıb. Elektrikli avtomobil, kosmik roket xəbərləri ilə görməyə alışdığımız Elon bu dəfə beyindəki minlərlə neyronun fəaliyyətini qeyd edən bir sistem ilə qarşımızda idi. Əsas məqsədi insan beyni ilə komputer arasında bir-başa əlaqə yaratmaq olan bu sistemin 2020-ci ilin sonlarına doğru insanlar üzərində test edilməyə başlayacağı gözlənilir. Artıq meymunlar üzərində test edilən bu sistem müəyyən nəaliyyət əldə edib. Muskın sözlərinə görə, bu sistem ilə təchiz edilən meymun beyni ilə komputeri idarə etməyi bacarıblar.

Neuralinkin ilkin hədəfləri beyin və onurğa beyni zədələnmələri olan insanlara kömək etməkdir. Bu texnologiya onurğa beyni zədələnməsinə görə hərəkət və ya hissetmə qabiliyyətini itirmiş paraplejik xəstələrə çox böyük köməklik göstərə bilər. Uzunmüddətli hədəfləri isə insanlıq üçün potensial təhlükə sayılan süni intellektlə insan beyni arasında əlaqə yaratmaqdır. “Ən sonunda, süni intellektlə bir-birindən asılı olan beyin-maşın interfeysini düzəldə bilərik” deyə Musk bildirib. Bu yol boyunca digər ilkin bir hədəfləri isə sadəcə düşünməklə dəqiqəyə 40 söz yaza bilmək olacaq.

Şirkət tikiş maşınına bənzər texnologiya istifadə edərək beyinə kiçik deşiklər açır və super-incə lifə bənzər elektrodları beyinə yerləşdirir.

 

Beyin-maşın interfeys (BMİ) texnologiyasının hal-hazırda laboratoriyalarda aktiv araşdırma mövzusu olmasına baxmayaraq onlardan bəziləri Neuralink-in bu yeni metodunu çox riskli hesab edirlər.

Carnegie Mellon Universitetinin biomedikal mühənlislik departamentinin rəhbəri Bin He qeyd edib ki, bu gün bəzi epilepsiya xəstələrinə beyin aktivliyinin fəaliyyətini izləmək üçün çoxlu sayda naqil qoşulur. “Ümumi əhaliyə baxdıqda, bir insanın beyninə daxil olan bu qədər telin nə qədər riskli olacağını və ya beynin fəaliyyətini nə qədər poza biləcəyini görmək çətindir ” deyə Bin He bildirib.

 

Robotlar tərəfindən implantasiya edilmiş minlərlə elektrod

Neuralink-in yanaşmasına görə robot insan saçının dörddəbiri qədər ölçüdə olan “thread”ləri (lifə bənzər elektrodlar) beyinə daxil edir. Muskın sözlərinə görə bu “thread”lər demək olar ki, neyronlarla eyni ölçüdədir. “Əgər beyninizə yeni bir şeylər implantasiya edirsinizsə onların artıq beyninizdə olanlarla eyni ölçüdə olmasını istəyərdiniz” deyə Elon Musk deyib.

1024 elektrod lifdən ibarət olan “wisp” kiçik bir çipə yerləşdirilir (onlardan yalnız 10-a qədəri dərinizin altına yerləşdirilə bilər). Hər bir çip naqilsiz olaraq taxıla və sökülə bilən, yenilənə bilən qulağınızın arxasında yerləşdirilən “pod”lara qoşulacaq və bluetooths vasitəsilə telefonla idarə olunacaq.

Çiplərin quraşdırılması 2mm genişlikdə (8mm-ə qədər genişləndirilə bilən) deşiklər üzərindən aparılacaq və daha sonra üstü möhkəm bağlanacaq. Şirkətin qarşısında duran çətinliklərdən biri də onilliklər boyu davam edəcək elektrodların hazırlanmasıdır, lakin doğru materiallarla bunu əldə etmək çətin məsələdir. Bildiyimiz kimi insan beyni çox da qonaqpərvər bir mühit deyil.

 

Elektrodlar beyindəki məlumatları oxuya və yaza bilirlər

Neuralink elektrodları yalnız neyronlardan "oxumaq" üçün deyil, həmçinin beynə siqnalları "yazmaq" üçün dizayn edir. Neuralinkin elmi işçisi Philip Sabes: "Bu texnologiyanı beyində toxunma və ya görmə hissini bərpa etmək üçün istifadə edə bilərsiniz”.

Sabesin sözlərinə görə, bu texnologiya beyinin motor nəzarət hissələrinə olan əlaqələr vasitəsilə beyin xəstəlikləri olan insanlara da kömək edə bilər.

Neuralink ümid edir ki, prosedur insanlar üçün təhlükəsiz və asan olacaq və bunun nəticəsində insanlar bunu könüllü şəkildə qəbul edəcəklər. "Bu kifayət qədər təhlükəsiz olmalıdır ki, seçici bir prosedur olsun", - şirkətin neyrocərrahı Metyu MacDougall bildirib. MacDougall həmçinin indiyə qədər testlərdə, qanaxma olmadan minlərlə elektrodları beyinə daxil edə bildiklərini də qeyd edib. Buna səbəb kimi isə elektrodların çox kiçik olması göstərilib.

Təhlükəsizlikdən söz düşmüşkən, hər nə qədər bu texnologiya bir çoxları tərəfindən riskli bir addım kimi görülsə də, könüllü şəkildə buna müraciət edənlər də az deyil. Şirkət 2020-ci ildə könüllü insanlar üzərində öz texnologiyasını test etməyə başlayacağını elan etdikdən sonra insanlar Twitter üzərindən fürsətdən dərhal istifadə etməyə başladılar. Hətta twitlərin içərisində “TAKE MY BRAIN ELON” (Mənim beynimi götür Elon) tipli twit də var idi.

Bu və ya digər tipli twitlərin olması onu göstərir ki, şirkət 2020-ci ildə künüllü seçimlərində çox da problem yaşamayacaq və hətta bu, onların texnologiyalarını daha sürətli şəkildə inkişaf etdirmələrinə yardımçı ola bilər.

Şirin Şükürov

None